DÜNYA


“Böyük Efiopiya Dirçəliş Bəndi” Şimali Afrikada yeni münaqişəyə səbəb ola bilər 

Qahirə, 21 iyun, AZƏRTAC 

Şimali Afrikanın üç ölkəsi – Misir, Efiopiya və Sudan arasında uzun müddətdir mübahisə obyekti olan “Böyük Efiopiya Dirçəliş Bəndi” regionda yeni münaqişə mənbəyinə çevrilə bilər. Artıq rəsmi Qahirə problemin həllinə müdaxilə etməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət ünvanlayıb.

Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin professoru Nurhan əl-Şeyx AZƏRTAC-a bildirib ki, Efiopiyada Nil çayının üzərində su bəndinin inşa edilməsi qonşu ölkələrin əhalisinin su təchizatına, xüsusən kənd təsərrüfatına ağır zərbə vura bilər.

Onun sözlərinə görə, bu ilin yanvarında Vaşinqtonda Misir, Efiopiya və Sudan Xarici İşlər nazirlərinin iştirakı ilə Şimali Afrika regionunun su təchizatında mühüm rola malik olan “Böyük Efiopiya Dirçəliş Bəndi” (GERD) üzrə saziş müzakirə olunub, lakin tərəflər arasında kompromis əldə edilməyib. Bu səbəbdən Qahirə BMT-nin Nizamnaməsinin 35-ci maddəsinə uyğun olaraq Təhlükəsizlik Şurasını potensial münaqişənin, regionda sülhə və sabitliyə təhlükənin qarşısını almağa çağırıb.

Rəsmi Qahirə bəyan edib ki, Nil çayının suyundan səmərəli istifadəyə dair ədalətli razılaşma Şimali Afrikanın hər üç ölkəsinin maraqlarına uyğundur. Misir Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, yeni növ koronavirus pandemiyası dövründə bəndin su ilə doldurulması nəticəsində yarana biləcək quraqlıq regionda humanitar fəlakətə gətirib çıxaracaq.

Misirin problemlə əlaqədar BMT TŞ-na müraciət etdiyi gün Efiopiyanın Xarici İşlər Nazirliyi “Əl-Ərəbiyə” telekanalının vasitəsilə öz ərazisində olan bəndin su ilə doldurulmasının davam edəcəyini bəyan edib. Əddis-Əbəbə qonşu ölkələrin danışıqlarda irəli sürdükləri şərtləri yerinə yetirməkdən də imtina edib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.