İQTİSADİYYAT
Böyük İpək Yolunun irsi və bərpası üzrə “TransAvrasiya-2014” IX beynəlxalq konfransda Avrasiya dəhlizinin gələcəyi ilə bağlı perspektivlər müzakirə olunmuşdur
Musa Pənahov: Azərbaycan tranzit nəqliyyat, beynəlxalq daşımalar üzrə beynəlxalq əməkdaşlıqda fəal iştirakçılardan biridir VİDEO
Astana, 22 may (AZƏRTAC). Qazaxıstan Respublikasının paytaxtında VII Astana İqtisadi Forumu çərçivəsində mayın 22-də Böyük İpək Yolunun irsi və bərpası üzrə “Trans Avrasiya-2014” IX Beynəlxalq konfrans keçirilmişdir. Qazaxıstan, Tacikistan, Çin, Azərbaycan, Türkiyə, Gürcüstan, Rumıniya və digər ölkələrin nəqliyyat sahəsi rəhbərlərinin, iqtisadçı ekspertlərin iştirak etdiyi konfransda Avrasiya dəhlizinin gələcəyi ilə bağlı perspektivlər müzakirə olunmuşdur. Konfransda 300-ə yaxın nümayəndə iştirak etmişdir.
Mühüm əhəmiyyət kəsb edən bu beynəlxalq tədbirdə ölkəmiz nəqliyyat nazirinin müavini Мusa Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Konfransın plenar iclasında “Böyük İpək Yolunun yeni imkanları” mövzusunda məruzə ilə çıxış edən Musa Pənahov qeyd etmişdir ki, infrastruktur layihələrin reallaşdırılması, keyfiyyətli logistik sistem yaradılması vacib məsələdir və xüsusi diqqət tələb edir. Bakı konfransında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Tarixi İpək Yolunun bərpasına dair çoxtərəfli razılaşma imzalanmışdır. Beləliklə, Azərbaycan tranzit nəqliyyat, beynəlxalq daşımalar üzrə beynəlxalq əməkdaşlıqda fəal iştirakçılardan birinə çevrilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi barədə danışan nazir müavini vurğulamışdır ki, bu nəqliyyat dəhlizi Avropanı Asiya ilə birləşdirən körpü rolunu oynayacaqdır. “2015-ci ildə istismara verilməsi nəzərdə tutulan layihə hazırda yekun mərhələsindədir. Layihənin ilkin yükdaşıma gücü 5 milyon ton olduğu halda, 2020-ci ildən sonra bu rəqəmin 15 milyon tona çatdırılması gözlənilir” – deyə M.Pənahov bildirmişdir.
Tikilməkdə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verən Musa Pənahov demişdir ki, limanda böyük logistika mərkəzinin tikintisi nəzərdə tutulur. Multimodal dəniz daşımalarının həcmini artırmaq məqsədilə beynəlxalq tələblərə cavab verən 8 müasir tanker və 6 bərə alınmışdır. Son illər Azərbaycanda 7 aeroport tikilmişdir ki, bunlardan 6-sı beynəlxalq statusa malikdir. Eyni zamanda, yeni aviasiya vasitələri alınmış, Bakı şəhərində böyük logistik terminal yaradılmışdır. Azərbaycan–Rusiya, Azərbaycan-İran, Azərbaycan-Gürcüstan sərhədlərinə qədər avtomobil yollarının reabilitasiyası 2017-ci ilədək yekunlaşacaqdır.
Bu yaxınlarda Bakıya Qazaxıstanda istehsal edilmiş lokomotivlərin gətiriləcəyinə dair müqavilə imzalandığını qeyd edən nazir müavini Dövlət proqramına əsasən Azərbaycan dəmir yolunda yenilənmə işlərinin aparıldığını da diqqətə çatdırmışdır. “Azərbaycan Xəzər regionunda dəmir yolu və avtomobil yollarının, infrastrukturun yenilənməsi, dəniz daşımaları sahəsində Qazaxıstanla birgə multimodal imkanlardan geniş istifadə edəcəkdir” – deyə M.Pənahov çıxışının sonunda vurğulamışdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana