CƏMİYYƏT


“Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi üzrə hesabat seminarı keçirilmişdir

Bakı, 21 may (AZƏRTAC, Elçin Hüseynov). BMT-nin İnkişaf Proqramının və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi üzrə mayın 21-də “Qafqaz Baku City” otelində seminar keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, seminarda çıxış edən BMT-nin İnkişaf Proqramının proqramlar üzrə meneceri Məzahir Əfəndiyev layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, iqlim dəyişiklikləri, sel daşqınları ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan hökuməti, xüsusilə Fövqəladə Hallar Nazirliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir.

M. Əfəndiyev qeyd etmişdir ki, sel daşqınları və su çatışmazlığı kimi problemlərin həllində beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, yerli və beynəlxalq mütəxəssislərin birgə fəaliyyətinin qurulması istiqamətində fəaliyyət davam etdirilir. İki ildən çox müddət ərzində 15-20 yerli və beynəlxalq mütəxəssislərlə birgə Böyük Qafqazın cənub ətəyində olan ərazilərdə çöl araşdırma işləri aparılmışdır.

Fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov isə bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, su ehtiyatlarının idarə olunması, həmçinin insanların və ərazilərin təbii fəlakətlər zamanı təhlükəsizliyinin təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadəsi məsələlərinə daim xüsusi qayğı ilə yanaşmışdır. Ulu öndərin müəyyənləşdirdiyi düşünülmüş, məqsədyönlü sosial-iqtisadi strategiyaya əsaslanan islahatların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi ölkəmizdə təbii fəlakətlərin və texnogen mənşəli qəzaların nəticələrinin aradan qaldırılması, suların idarə edilməsi sektorunda çoxsaylı layihələrin reallaşdırılmasına səbəb olmuşdur. Bunlardan biri də “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsidir.

Diqqətə çatdırılmışdır ki, layihənin əsas məqsədi son vaxtlar baş verən iqlim dəyişikliyi nəticəsində daşqınların və içməli su probleminin respublikamızın bir çox ərazilərində yaranmasının qarşısını almaqdır.

T.Əmiraslanov demişdir ki, indiyədək aparılan müvafiq araşdırmalar dağlıq və dağətəyi ərazilərdə yaşayan əhalinin, onların mülkləri və təsərrüfatlarının sel və daşqınlara məruz qalmaq riski ilə qarşı-qarşıya qaldığını göstərir. Artan təhlükələrin qarşısını almaq, eyni zamanda, əhalinin daşqınlara, su çatışmazlığına davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma zərurəti yaranmışdır.

Qeyd edilmişdir ki, həmçinin su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməkdə məqsəd Böyük Qafqazın cənub yamacında yaşayan əhalinin su çatışmazlığı, sel və daşqın təhlükələrinə qarşı dayanıqlığını artırmaqdır. Layihədə görülən işlərin müvafiq qanunvericilikdə öz əksini tapması, bir çox təşkilati tədbirlərin gücləndirilməsi və əhalinin maarifləndirilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Nazir müavini bildirmişdir ki, qarşıda duran məqsədlərə nail olmaq üçün suların idarəçiliyi sektorunda fəaliyyət göstərən təşkilatlarla birgə bu sahədə yeni konsepsiya hazırlanmalıdır. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin BMT-nin İnkişaf Proqramı ilə daha sıx əməkdaşlıq etməsində maraqlı olduğunu söyləmişdir.

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini xanım Nato Alhazişvili də öz növbəsində suların idarə edilməsi sahəsində təmsil olunduğu beynəlxalq təşkilatın Azərbaycana hər zaman dəstək göstərəcəyini bildirmişdir.

Daha sonra layihə çərçivəsində 2013-cü ildə görülmüş işlərin yekununa dair hesabat verilmiş, gələcək planlar üzrə müzakirələr aparılmışdır. Eyni zamanda, layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizə səfərləri, gördükləri işlərə dair ətraflı məlumat verilmiş və sonrakı fəaliyyət planı müzakirə edilmişdir.

Müzakirələrdə BMT-nin İnkişaf Proqramının, Azərbaycanın bir sıra nazirlik və komitələrinin, suların idarəçiliyi sektorunda fəaliyyət göstərən qurumlarının nümayəndələri iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.