CƏMİYYƏT
Böyük Qafqaz regionunun çayları təmiz su sinfinə aid edilib
Bakı, 5 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti 2016-cı il ərzində 58 müşahidə məntəqəsində 42 su obyektinin (27 çay, 4 su anbarı, 10 göl və 1 liman) monitorinqini həyata keçirib.
Departamentdən AZƏRTAC-a verilən məlumata görə, detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə ötən il ərzində götürülmüş 427 su nümunəsi üzərində 8466 analiz aparılıb. Su nümunələri üzərində aparılmış analizlərin nəticələrinə əsasən məlum olub ki, əksər su obyektlərində bəzi göstəricilər üzrə konsentrasiyalar yol verilən qatılıq həddini (YVQH) keçib.
Kür-Araz ovalığı: Kür çayı suyunun keyfiyyəti əsasən yuxarı və aşağı axınlarında pisləşir. Bunun səbəbi yuxarı axında Gürcüstan ərazisindən axıdılan transsərhəd çirkləndiriciləri, aşağı axında isə Araz çayının tökülməsi və çay boyunca yerləşən yaşayış məntəqələrindən, xüsusən də Şirvan və Salyan şəhərlərindən axıdılan sənaye və məişət çirkab sularıdır. Bu ərazidə suyun keyfiyyəti mülayim çirklənmiş su sinfinə aiddir. Aşağı axında Zərdab və Surra məntəqələrində nisbətən zəif çirklənmə səviyyəsi müşahidə olunur. Bu da həmin məntəqələr boyunca qeyd edilən ərazidə çaya axıdılan çirkləndiricilərin miqdarının azalması ilə bağlı olub.
Böyük Qafqazın cənub yamaclarından axan çaylar: Bu bölgənin çayları əsasən kənd təsərrüfatı çirkab suları ilə çirklənməyə məruz qalsa da, il ərzində Qanıx çayında Əyriçayın mənbəyindən 1,7 kilometr aşağıda, Balakənçay, Talaçay, Əyriçay, Katexçay, Dəmiraparançay, Kürmükçay, Göyçay, Türyançay və Qarasu çaylarında özünütəmizləmə aktiv olduğundan çox zəif çirklənmə səviyyəsi müşahidə edilib. Bu çayların suyu təmiz su sinfinə aid olub.
Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylar: Qusarçay (Quzun kəndi ərazisində), Qudyalçay, Qaraçay, Vəlvələçay (Təngəaltı kəndi ərazisində) çaylarının çirklənmə səviyyəsi çox zəif olub. Bu çaylar təmiz su sinfinə aid edilib.
Kiçik Qafqaz regionunun çayları: Bu regionun çayları Ağstafaçay, Qabırrı çayı, Tovuzçay, Şəmkirçay, Kürəkçay çayları (Qoşqarçay istisna olmaqla) mülayim çirklənməyə məruz qalıb. Qoşqarçayın çirklənməsində isə Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab suları və zəylik alunit–filiz kombinatının, Daşkəsən filiz zənginləşdirmə kombinatının tullantı suları böyük rol oynadığından bu çay çirklənmiş su sinfinə aid edilib. Ağstafaçayda aparılan müşahidələr göstərib ki, Qazax şəhəri ərazisində çayın çirklənmə səviyyəsi mülayim çirklənmiş su sinfinə aiddir.
Lənkəran - Astara zonasının çayları- İstisu çayı və Viləşçay mülayim çirklənmiş, Təngərud və Lənkərançay isə təmiz su sinfinə aid edilib.