CƏMİYYƏT


“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib

Bakı, 28 sentyabr, AZƏRTAC

“Böyük Qayıdış” Gənclər Təşkilatı 27 sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən “Şəhidimiz” kampaniyasına start verilib, bölgələrdə yaşayan Vətən müharibəsi qazilərinin Bakıya səfəri təşkil olunub, “shehidimiz.az” portalının yenilənmiş versiyasının təqdimatı keçirilib.

“Şəhidimiz” kampaniyası çərçivəsində ilk olaraq, Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində yaşayan 40 şəhid ailəsi təşkilatın nümayəndələrinin və könüllü gənclərin iştirakı ilə ziyarət olunub. Qırx dörd gün davam edəcək kampaniyaya qoşulmaq üçün gənclərə və könüllü təşkilatlarına, gənclərin təşəbbüs qruplarına çağırışlar edilməsi, könüllü gənclərin iştirakı ilə şəhid ailələrinin ziyarət olunması nəzərdə tutulub.

Vətən müharibəsində sağlamlığını itirmiş, regionlarda yaşayan bir qrup qazinin Anım Günü ilə əlaqədar Bakıya səfəri təşkil edilib. Təşkilatın nümayəndələrinin, qazilərin, üzv və könüllülərin iştirakı ilə Birinci və İkinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini əks etdirən Hərbi Qənimətlər Parkı ziyarət olunub. Ziyarətlər zamanı gənclər tərəfindən Müzəffər Ali Baş Komandanın söylədiyi, Qələbənin simvoluna çevrilən “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib. Günün yekununda səfərin iştirakçıları üçün şəhər turu təşkil olunub.

Silsilə tədbirlər çərçivəsində onlayn formatda, paytaxt və region gənclərinin iştirakı ilə “shehidimiz.az” portalının yenilənmiş versiyasının təqdimatı keçirilib. Təqdimat zamanı diqqətə çatdırılıb ki, gənclərdən ibarət könüllü qrupları yaradılaraq funksional imkanları artırılmış portala yeni redaktədə əvvəlki kontentlər daxil edilib, yeni alt bölmələr yaradılıb. Vətən müharibəsi zamanı şəhid olan şəxslərin məlumatların toplanaraq portala əlavə edilməsinə başlanılıb.

Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.