CƏMİYYƏT
Böyük Qayıdış: Ulu öndər Heydər Əliyevin reallığa çevrilən arzuları
Bakı, 7 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Böyük Qayıdış: Ulu öndər Heydər Əliyevin reallığa çevrilən arzuları” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.
Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirib. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin əsas təşkilatçısı qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verib.
Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov vurğulayıb ki, Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu yüksəliş ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin əzmkar və yorulmaz fəaliyyəti ilə daha da artmaqdadır.
Partiyanın qızıl fondu hesab edilən “91-lər”dən biri Şahlar Əsgərov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, ulu öndər Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu sübuta yetirib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin başladığı və hazırda Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilən siyasi kurs, sosial və iqtisadi inkişaf yolu Azərbaycan xalqının seçimidir. Bu inkişaf yolu xalqımızın mənafeyinə, onun inamlı sabahına, işıqlı gələcəyinə xidmət edir.
Digər çıxış edənlər bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillərdir.
Tədbirin sonunda partiya sıralarına qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri, partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərən əməkdaşlara Fəxri fərmanlar təqdim olunub.