SİYASƏT


Baş nazirin müavini Əli Həsənov: Cocuq Mərcanlıya qayıdış erməni vəhşiliyini bütün dünyaya göstərdi YENİLƏNİB VİDEO

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, son iki yüz ildə ermənilər tərəfindən mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının bir qismi ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı işğaldan azad edildi. O vaxt Füzuli rayonunun bir çox kəndi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Ötən il aprel döyüşləri zamanı qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini işğaldan azad etməsi əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı.

Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Həmçinin ölkəmizdə fəaliyyət göstərən xarici KİV-lərin və diplomatik korpusun nümayəndələrinin dövlətimizin başçısının tapşırığı ilə Cocuq Mərcanlıya səfəri təşkil edildi və erməni vəhşiliyi ilə bağlı dolğun məlumatlar qısa müddətdə bütün dünyaya yayıldı. Bütün dünya cəmi dörd ay ərzində işğal altında qalmış bir kənddə ermənilərin törətdikləri vandalizmin şahidi oldu. Bununla da ermənilərin son 200 ildə uydurduqları yalan və böhtanlar ifşa edildi.

Sonra “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filmi nümayiş olunub.

Filmin nümayişindən sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı barədə məlumat verib.

Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamından sonra kənddə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, sakinlərin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.