HEYDƏR ƏLİYEV - 100


Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi

Yevlax, 13 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlaxda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir. Şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə reallaşan növbəti tədbir “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” mövzusuna həsr olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlər xiyabanı da ziyarət edilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub.

Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir şəhərdəki “KOB Evi”ndə davam etdirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb. Sonra “Böyük Zəfər Heydər Əliyev ideyalarının təntənəsi idi” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Heydər Əliyev tarixi şəxsiyyət olmaqla bərabər, məhz tarix yaradan şəxsiyyət idi. Onun yaratdığı tarix 50 milyondan artıq azərbaycanlının qürur mənbəyidir. Heydər Əliyevin bioqrafiyası ilə Azərbaycan tarixi bir-birini tamamlayır. Müasir müstəqil Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin digər şah əsəri, həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Prezident İlham Əliyev bu məktəbi, bu irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirib. Heydər Əliyevin xaosdan tərəqqi yoluna çıxardığı Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövlətinə çevrilib. Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan dünyanın yeni enerji gücünə, ölkəmiz qlobal nəqliyyat-logistik məkana çevrilib.

Milli Məclisin deputatı İlham Məmmədov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Zahid Xəlil, Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov, Bakı Slavyan Universitetinin prorektoru Ənvər Abbasov və başqaları Ümummilli Lider Heydər Əliyevin Yevlaxla, yevlaxlılarla bağlı xatirələrindən geniş söhbət açıblar. Çıxışlarda hələ sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə bütün bölgələrimiz kimi Yevlaxın da böyük inkişaf yolu keçərək, aqrar-sənaye şəhərinə çevrildiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, dövlətçiliyimizin indiki mərhələyə gəlib çıxmasında Heydər Əliyev şəxsiyyətinin müstəsna rolu olub. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, - söyləməklə başlayan dahi insan nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovet İttifaqından miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaradaraq, ölkəmizi ən yüksək inkişaf pilləsinə qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.