CƏMİYYƏT
Böyük aviaşirkətlər COVID-19 əleyhinə vaksinlərin çatdırılmasında UNICEF-ə kömək edəcək
Bakı, 16 fevral, AZƏRTAC
Ondan çox böyük beynəlxalq hava şirkəti pandemiya ilə mübarizə aparmaq məqsədilə koronavirus əleyhinə vaksinlərin, həmçinin dərman və tibbi avadanlıqların çatdırılmasında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) kömək edəcək. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, uzunmüddətli perspektivdə UNICEF ilə aviaşirkətlər arasında əməkdaşlıq humanitar böhranlara operativ reaksiya verilməsi və humanitar yüklərin çatdırılması üçün əsas olacaqdır.
“Daşınacaq preparatların həcmi, saxlanması və nəqli şəraitinə olan tələblər, tədarük sayı və marşrut müxtəlifliyini nəzərə alaraq bu həyati əhəmiyyət kəsb edən vaksinlərin çatdırılması miqyaslı və mürəkkəb əməliyyatdır”, – deyə UNICEF-in çatdırılma şöbəsinin direktoru Etleva Kadilli söyləyib.
“Biz UNICEF-in humanitar yüklərin çatdırılması təşəbbüsünə qoşulan və COVID-19 əleyhinə vaksinlərin paylanması üzrə səyləri dəstəkləməyə qərar verən aviaşirkətlərə minnətdarıq”, – deyə, o əlavə edib.
UNICEF-ə vaksinlərin daşınmasına kömək edəcək aviaşirkətlərin təyyarələri dünyanın 100-dən çox ölkəsinə uçur. Böyük həcmdə vaksinlərin vaxtında çatdırılması üçün bir sıra istiqamətlər üzrə yük təyyarələrinin əlavə reysləri tətbiq ediləcək.
Bundan əlavə, bəzi COVID-19 əleyhinə vaksinlərin yalnız çox aşağı temperaturlarda saxlanılması və daşınmasına görə aviaşirkətlər təyyarələrdə lazımi temperatur rejiminin təmin edilməsi üzrə tədbirlər görəcək.
Xatırladaq ki, COVAX proqramı çərçivəsində Azərbaycan 506 400 doza AstraZeneca/Oxford vaksini alacaq. Vaksinlərin çatdırılması fevral ayının sonunda gözlənilir.
Vaksinlərin çatdırılmasında AirBridgeCargo, Air France/KLM, Astral Aviation, Brussels Airlines, Cargolux,Cathay Pacific, Emirates Skycargo, Ethiopian Airlines, Etihad Airways, IAG Cargo, Korean Air, Lufthansa Cargo, Qatar Airways, SAUDIA, Singapore Airlines Ltd, United Airlines aviaşirkətlər kömək edəcəklər.