MƏDƏNİYYƏT
Böyük ədibin xatirəsi yad olunub
Bakı, 16 mart, Zərəngiz Mansurova, AZƏRTAC
Martın 16-da nasir, şair, jurnalist, tərcüməçi, dramaturq, Əməkdar İncəsənət Xadimi Məmməd Səid Ordubadinin ev-muzeyində böyük ədibin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Lalə Abaszadə ev-muzeyin 1979-cu il noyabrın 1-də yaradıldığını bildirib.
Vurğulayıb ki, böyük ədib bu mənzildə 1938-ci ildən 1950-ci ilə kimi yaşayıb-yaradıb. Muzeydə saxlanılan eksponatlar yazıçının keçdiyi həyat yolu, yaradıcılığını əhatə edir. Eksponatların hamısı ədibin şəxsi arxivinə aiddir.
Muzeyin elmi işçisi İradə Vəliyeva, tədqiqatçı Sənubər Abdulkərimova və başqaları Ordubadinin həyat və yaradıcılığından söz açıblar.
Natiqlər Ordubadi yaradıcılığına “Molla Nəsrəddin” məcmuəsinin, İran inqilabı hərəkatının, sürgün həyatının, Böyük Vətən müharibəsi illərinin də təsirindən danışıblar.
Bildirilib ki, ədib “Dumanlı Təbriz” roman-epopeyası ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyub. Nizami Gəncəvi dövründən bəhs edən “Qılınc və qələm” romanında isə dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaradıb. Onun “Döyüşən şəhər”, “Gizli Bakı” tarixi romanları da maraqlı tarixi faktları, bənzərsiz bədii üslubu ilə fərqlənir.
Vurğulanıb ki, xatirəsi ürəklərdə yaşayan sənətkar müxtəlif illərdə şeir, felyeton, publisistik məqalələr yazıb, tərcümə ilə məşğul olub. Əsərləri müxtəlif dillərə tərcümə edilən ədibin yaradıcılığı hər zaman yüksək qiymətləndirilib.
Qeyd edilib ki, ədibin adını daşıyan ev-muzeyi əməkdaşlarının təşkilatçılığı ilə ötən illər ərzində silsilə tədbirlər keçirilib və Ordubadi irsi geniş təbliğ olunub.