CƏMİYYƏT
“Böyük qayğı” proqramının icrası davam etdirilir
Bakı, 19 fevral, AZƏRTAC
“Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyi tərəfindən reallaşdırılan “Böyük qayğı” proqramının icrası davam etdirilir.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirən qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən uğrunda döyüşən insanlara dəstəyini artırmaqdır. Proqram çərçivəsində respublikanın bütün şəhər və rayonlarında Vətən müharibəsi qazilərinin ziyarət olunması planlaşdırılır.
“Böyük Qayıdış” Gənclər Təşkilatının rəhbər heyəti, proqramın səfir və könüllülərinin iştirakı ilə keçirilən növbəti görüşlər zamanı qazilərə “Böyük qayğı” proqramı, görüləcək işlər haqqında məlumat verilib. Bu təşəbbüs barədə daha geniş ictimaiyyətin məlumatlandırılması, həmçinin qazilərlə həmsöhbət olaraq onlara dəstək ifadə edilməsi məqsədilə keçirilən görüşlərdə öz sahələrində tanınan simalardan aparıcı Azər Süleymanlı, müğənni Nura Suri və fotoqraf Vahid Həsənov proqramın “Ulduz səfirlər”i qismində iştirak ediblər.
Bu məqsədlə könüllülərdən ibarət mobil qruplar yaradılıb. Proqram boyunca sosial həssas qruplarla işləmə bacarığına dair təlimlərdə iştirak edən və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin edilən könüllülər davamlı olaraq qazilərimizi ziyarət edəcəklər. Könüllülər qazilərin asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin proqram çərçivəsində xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkili də nəzərdə tutulub.
Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və İctimai Birliyin sosial media hesabları və ya [email protected] maili vasitəsilə əlaqə yarada bilərlər. Həmçinin ziyarətlər zamanı hazırlanan video və foto hesabatlarla sözügedən saytda tanış olmaq mümkündür.