CƏMİYYƏT
Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın və sel olub
Bakı, 20 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində çaylarda sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel olub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara çaylarında 40-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, iyunun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 315 kubmetr olmaqla ongünlük normanın 53 faizini təşkil edir. Ötən ildə isə bu rəqəm saniyədə 259 kubmetr təşkil etməklə ongünlük normanın 44 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 13 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 184 kubmetr olmaqla ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici saniyədə 120 kubmetr təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.
İyunun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Belə ki, Kür çayının Şirvan məntəqəsində 12, Salyanda 4, Bankədə 2 santimetr artım, lakin Surrada 21, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 22 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 397 (2017-ci il iyunun 20-də 400 santimetr), Şirvanda 295 (2017-ci il iyunun 20-də 291 santimetr), Salyanda 219 (2017-ci il iyunun 20-də 220 santimetr), Bankədə 209 (2017-ci il iyunun 20-də 201 santimetr), Araz çayının Novruzlu məntəqəsində isə 110 santimetr (2017-ci il iyunun 20-də 100 santimetr) təşkil edir.