SİYASƏT
Bratislavada 28 May-Respublika Gününə həsr olunmuş konsert və sərgi keçirilmişdir VİDEO
Bratislava, 27 may (AZƏRTAC). Mayın 26-da Slovakiyanın paytaxtı Bratislava şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin “Dvorana” zalında 28 May - Respublika Gününə həsr olunmuş konsert və sərgi keçirilmişdir.
Azərbaycanın Slovakiyadakı fəxri konsulluğunun və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri tədbirə Slovakiyanın dövlət və hökumət rəsmiləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan həmyerlilərimiz dəvət olunmuşlar.
Tədbirdə Azərbaycanın və Slovakiyanın dövlət himnləri səsləndirilmişdir. Sonra Azərbaycanın Avstriyada, həmçinin Slovakiyadakı səfiri Qalib İsrafilov, fəxri konsul Cəlal Qasımov və Slovakiyanın sabiq prezidenti Rudolf Şuster çıxış etmişlər.
Tədbirin bədii hissəsində Əməkdar Artist, pianoçu Nərgiz Əliyarova Azərbaycan və xarici bəstəkarların əsərlərini, müğənni Azər Rzayev bəstəkar və xalq mahnılarını ifa etmişlər.
Bəstəkarlar Üzeyir Hacıbəyli, Aqşin Əlizadə, Tofiq Quliyev, Faiq Şücəddinov və digərlərinin əsərləri slovak musiqisevərləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Konsert çərçivəsində həmçinin tekstil dizayneri Leyla Xasıyevanın qurama tikmə sənətinə aid əl işlərindən ibarət sərgi təşkil edilmişdir.
“Dvorana” salonunun foyesində tədbir iştirakçılarına Azərbaycan, slovak və ingilis dillərində Azərbaycan haqqında kitab, broşür və digər informasiya materialları təqdim olunmuşdur.
Sonda qonaqlara ziyafət verilmişdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava