DÜNYA
Bratislavada Avropa Məşğulluq Agentliyi fəaliyyətə başlayıb
Bratislava, 17 oktyabr, AZƏRTAC
Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa Məşğulluq Agentliyi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının müvafiq təklifindən iki il sonra Agentliyin Brüssel şəhərində rəsmi təqdimatı keçirilib. Vəzifəsindən ayrılmaq ərəfəsində olan Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker bildirib ki, yeni yaradılan Agentlik vahid və daha ədalətli Avropa İttifaqı (Aİ)əmək bazarı istiqamətində əsl uğurdur.
Yeni təsis edilən qurum ayrı-ayrı Aİ dövlətləri ilə əməkdaşlıq şəraitində məşğulluq bazarındakı qanunsuzluğa qarşı mübarizəni dəstəkləməlidir. Bundan əlavə isə həm vətəndaşlar, həm də sahibkarlıq müəssisələri Aİ məşğulluq bazarındakı hüquq və vəzifələr barədə məlumatları bu qurumdan əldə edə biləcəklər. Avropa İttifaqında təxminən 17,5 milyon nəfərin ittifaqa üzv olan digər ölkələrdə çalışdığını nəzərə aldıqda Agentliyin yaradılması zamanın tələbi kimi dəyərləndirilir.
2024-cü ilədək Avropa Məşğulluq Agentliyinin illik büdcəsi 50 milyon avro həcmində müəyyənləşdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava