DÜNYA


Braziliya Ali Məhkəməsi polisə prezidenti dindirmək icazəsi verib

Bakı, 31 may, AZƏRTAC

Braziliyanın Ali Məhkəməsi ölkə prezidenti Mişel Temeri korrupsiya işi üzrə dindirmək üçün polisə icazə verib. Bu barədə yerli “Jornal Nacional” nəşri məlumat yayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ali məhkəmənin sədri Edson Façin dindirilmənin 10 gün ərzində keçirilməli olduğu barədə qərar qəbul edib.

Xatırladaq ki, məhkəmə işinə “Globo” telekommunikasiya kompaniyasının ali məhkəməyə göndərdiyi audioyazı səbəb olub. Səsyazısında prezidentin guya JBS kompaniyasının menecerinə parlamentin sabiq spikeri Eduardo Kunyaya rüşvət vermək barədə təklifindən söhbət gedir.

Bu hadisədən sonra məhkəmə prezidentə qarşı korrupsiya işi üzrə təhqiqata başlayıb və parlamentdə impiçment çağırışları səslənib. Mişel Temer isə öz növbəsində rüşvətlə bağlı heç kimə göstəriş vermədiyini və istefaya getməyəcəyini bildirib.

Eduardo Kunya 2015-ci ildə parlamentin spikeri olduğu zaman sabiq prezident Dilma Rusefin impiçmenti təşəbbüsünü qaldırmışdı. Həmin dövrdə onun özünə qarşı korrupsiya ilə bağlı cinayət işi açılmışdı və Rusefin tərəfdarları Kunyanın buna görə prezidentdən qisas aldığını iddia edirdilər. Nəticədə sabiq spiker 15 il həbs cəzasına məhkum edilmiş, Rusef isə prezident postundan məhrum olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.