SİYASƏT


Braziliya Azərbaycan ilə texniki sahədə əməkdaşlıq etməyə hazırdır

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov bu ölkənin Müdafiə naziri Valter Souza Braqa Netto (Walter Souza Braga Netto) ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı səfir Elxan Poluxov qonağa ölkəmiz haqqında ətraflı məlumat verərək, Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən danışıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş ordu quruculuğu prosesinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və bunun nəticəsi olaraq bu gün Azərbaycan Silahlı Qüvvələrinin dünyada ən müasir və aparıcı silahlı qüvvələri sırasında olduğunu söyləyib. Bunun əyani sübutu olaraq, torpaqlarımızın Ermənistan tərəfindən 30 il ərzində davam edən işğalının 44 günlük Vətən müharibəsi zamanı ordumuzun şücaəti ilə azad olunması vurğulanıb.

Səfir qeyd edib ki, Azərbaycan ordusu bir çox ölkələrin silahlı qüvvələri ilə uğurlu əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır. Cənubi Amerika qitəsinin ən böyük ölkəsi olan Braziliya ilə də bu sahədə əməkdaşlıq etməyə maraq göstərən Azərbaycan burada həyata keçirilən hərbi və hərbi sənayeyə aid sərgilərə maraq göstərir. Səfir hər iki ölkənin müvafiq nazirlik və qurumları arasında əlaqələrin yaradılmasının və əməkdaşlığın qurulmasının tərəflər üçün maraqlı olacağına ümidvar olduğunu söyləyib.

Nazir Walter Souza Braga Netto təmsil etdiyi nazirliyin azərbaycanlı həmkarları ilə əlaqə qurmağa və texniki sahədə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Sonra tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.