DÜNYA
Braziliya İsraildəki səfirliyinin yerini dəyişəcək
Vaşinqton, 16 dekabr, AZƏRTAC
2020-ci ildə Braziliya özünün İsraildəki səfirliyini Yerusəlimə köçürəcək.
AZƏRTAC xəbər verir ki, Braziliya Prezidenti Jair Bolsonaronun oğlu Eduardo Bolsonaro bu məlumatı bazar günü İsrailin paytaxtında Braziliya ticarət nümayəndəliyinin açılışı zamanı elan edib.
Eduardo Bolsonaro Braziliya parlamentinin beynəlxalq məsələlər və müdafiə komitəsinin sədridir. O bildirib ki, atasının Braziliya səfirliyini Yerusəlimə köçürmək barədə seçkiqabağı öhdəliyi hələ qüvvədə qalır.
Eduardo Bolsonaro deyib: “Burada qeyri-adi heç nə yoxdur. Bu, təbii və normal hadisə olmalıdır. Biz həm Braziliya səfirliyinin yerini Yerusəlimə dəyişmək, həm də bütün Latın Amerikası ölkələrinə nümunə göstərmək istəyirik”.
Bolsonaro terrorizmlə mübarizədə öz ölkəsinin İsraili dəstəkləyəcəyinə söz verib.
Beləliklə, tezliklə Braziliya da artıq öz səfirliklərini Yerusəlimə köçürmüş Birləşmiş Ştatlara və Qvatemalaya, həmçinin bunu etməyi öhdəyə götürmüş Hondurasa qoşulacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton