DÜNYA
Braziliya senatı Dilma Russeffin impiçmenti ilə bağlı dinləmələrə başlayır
Bakı, 25 avqust, AZƏRTAC
Braziliya senatı bu gün ölkə prezidenti Dilma Russeffin maliyyə pozuntuları ilə əlaqədar impiçmenti məsələsinin müzakirəsinə başlayacaq.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, senatın iclası məhkəmə dinləmələri şəklində keçiriləcək. Tərəflərin vəkilləri və şahidləri, həmçinin Dilma Russeff senatorlar qarşısında çıxış edəcəklər.
Bu ərəfədə tərəfdarları qarşısında çıxış edən Russeff yenidən bütün ittihamları rədd edərək günahsız olduğunu bildirib: “Mən heç vaxt korrupsiya yolu ilə pul qazanmamışam. Mənim başıma gələnlər Braziliyada demokratiyanın sarsılmasına açıq işarədir. Biz belə halların təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”.
Avqustun 29-da Dilma Russeffin senatda son söz ilə çıxış edəcəyi, avqustun 31-də isə senatorların yekun səsverməsinin keçiriləcəyi gözlənilir.
İmpiçmentin qəbul ediləcəyi təqdirdə dövlət başçısı postunu vitse-prezident və hazırda prezidentin səlahiyyətlərini icra edən Mişel Temer tutacaq.