CƏMİYYƏT
Braziliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfirliyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi, ulu öndər Heydər Əliyevin 95 illiyi və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi ilə bağlı silsilə tədbirlərin yekunu olaraq, eləcə də 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Elxan Poluxov cari ilin bir çox əlamətdar hadisələrlə yadda qaldığını diqqətə çatdırıb, il ərzində mötəbər yubileylərin qeyd edildiyini söyləyib. Diplomat çıxışında iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb, gələn ilə dair potensial planlarla bağlı məlumat verib .
Braziliya Milli Konqresinin Senatorlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri, senator Kristovam Buarke çıxış edərək, ölkələrimiz arasında münasibətlərin çox vacib olduğunu və Braziliya Parlamentində Azərbaycanla dostluq qrupuna sədrlik etməkdən qurur duyduğunu bildirib.
Sonra çıxış edən Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri, deputat Klaudio Kajado qeyd edib ki, Azərbaycan Braziliya üçün çox önəmli ölkədir. O, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Tədbirdə cari il ərzində səfirlik tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycan ilə Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə, ulu öndər Heydər Əliyevin 95 illiyinə və görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə dair dərc edilən jurnallar və kitablar qonaqlara təqdim olunub.
Tədbirdə Braziliya Xarici Əlaqələr Nazirliyinin, Braziliya Milli Konqresinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, jurnalistlər və yerli ictimaiyyətin üzvləri iştirak ediblər.