DÜNYA
Braziliyada etirazlar: hökumət asayişi qorumağa ordunu cəlb edir
Bakı, 25 may, AZƏRTAC
Braziliya hökuməti dövlət qurumlarının binalarını mühafizəsi üçün ordunu cəlb edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Raul Junqmann mətbuat konfransında bəyan edib. TASS-ın məlumatına görə, bununla bağlı qərar etirazçıların Kənd Təsərrüfatı Nazirliyini yandırmasından sonra verilib. Prezident sarayı və Xarici İşlər Nazirliyi artıq hərbçilərin nəzarətinə götürülüb. Nazir tezliklə əlavə qüvvələrin də cəlb ediləcəyini bildirib.
Rio-de-Janeyroda davam edən etirazlar səbəbindən artıq bir neçə nazirlik və qurumların əməkdaşları binalardan təxliyə olunublar. Prezident Temerin istefasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən etirazçılar bir neçə nazirliyin binasını dağıdıblar. Hərbi polis onlara qarşı gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edir.