DÜNYA
Braziliyada təbii fəlakət qurbanlarının sayı 136 nəfərə çatıb
Bakı, 19 fevral, AZƏRTAC
Rio-de-Janeyro ştatının xilasediciləri çərşənbə axşamı günü güclü yağışların doğurduğu torpaq sürüşmələri və daşqınlardan böyük zərər çəkmiş Petropolis şəhərində axtarış-xilasetmə işlərini davam etdirirlər.
AZƏRTAC Braziliyanın G1 portalına istinadla xəbər verir ki, xilasedicilərin məlumatına görə, təbii fəlakət qurbanlarının sayı 136 nəfərə çatıb.
“Petropolisdə axtarış işləri dördüncü gündür davam edir. Yanğınsöndürmə xidməti hesab edir ki, palçıq və dağıntılar altında hələ sağ qalmış insanlar tapmaq olar”, - məlumatda belə deyilir.
Ölənlər arasında 22 nəfər azyaşlının olduğu, 213 nəfərin isə itkin düşdüyü bildirilir.
Braziliyada fevralın 15-dən başlayan leysan yağışlar Rio-de-Janeyro ştatında torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bu, 1932-ci ildən bəri qeydə alınan ən güclü yağışlardır. Altı saat ərzində bir kvadratmetr əraziyə 260 litr yağıntı düşüb.