SİYASƏT
Braziliyadakı Yəhudi Mədəni Assosiasiyasında Azərbaycana həsr edilən tədbir keçirilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Braziliyadakı Yəhudi Mədəni Assosiasiyasında Azərbaycana həsr edilən tədbir keçirilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Yəhudi Mədəni Assosiasiyasının prezidenti Hermano Vrobel V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından danışıb, yüksək səviyyədə təşkil olunmuş Forumun qlobal əhəmiyyətini vurğulayıb və qəbul edilmiş Bəyannaməni səsləndirib. Azərbaycanda çəkdiyi fotoşəkilləri nümayiş etdirən H.Vrobel, həmçinin ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb, yəhudi icmasının respublikamızda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşadığını bildirib.
Sonra çıxış edən Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barədə geniş məlumat verib. Səfir müsəlman aləmində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, müstəqilliyini bərpa edəndən sonra ölkəmizin inkişafında ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri, Azərbaycan-Braziliya və Azərbaycan-İsrail əlaqələri, həmçinin V Bakı Beynəlxalq Humanitar Forumu haqqında danışıb. Səfir ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrindən bəhs edib və Azərbaycanın bu sahədə dünyada nümunə kimi tanındığını vurğulayıb.
E.Sultanov, həmçinin Ermənistanın Azərbaycana qarşı davam edən hərbi işğalı və Azərbaycan əhalisinə qarşı törətdiyi etnik təmizləmə siyasəti haqqında məlumat verib.
Daha sonra çıxış edən Braziliyanın Azərbaycandakı keçmiş səfiri Sergio Arruda ölkəmizdə mövcud olan nadir tolerantlıq mühiti ilə bağlı fikirlərini bölüşüb.
Sonda Azərbaycanda tolerantlığa və müasir inkişafa həsr olunmuş videoçarxlar nümayiş etdirilib, habelə iştirakçılara ölkəmiz haqqında portuqal dilində nəşrlər paylanılıb.