SİYASƏT


Braziliyalı jurnalistlər Qarabağdakı son vəziyyət barədə məlumatlandırılıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Braziliyadakı səfirliyi tərəfindən bir sıra yerli KİV nümayəndələri üçün işçi şam yeməyi-brifinq təşkil olunub. Tədbirdə Braziliyanın aparıcı “Brasiliainfoco” “O Globo”, “Folha de Sau Paulo”, “Crusoe – CNN, “TV Brasilia”, “Record TV” və “Poder 360” media resursların nümayəndələri ilə yanaşı, Türkiyənin bu ölkədəki səfiri Murad Atəş də iştirak edib.

Ölkəmizin Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və cəbhə xəttində son hadisələr barədə məlumat verən səfir E.Poluxov bu məsələdə Azərbaycanın mövqeyinin dəyişməz qaldığını, münaqişənin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin qeyri-şərtsiz yerinə yetirilməsi əsasında həllinin mümkünlüyünü diqqətə çatdırıb. 1993-cü ildə bu qətnamələrin qəbulunda Braziliyanın (o zaman BMT-nin TŞ-nın qeyri daimi üzvü qismində) iştirakı qeyd olunaraq, onların icra edilməməsinin mənəvi məsuliyyətinin, həmçinin Braziliyanın üzərinə düşdüyü də bildirilib.

Braziliyada yaşayan erməni lobbisinin destruktiv fəaliyyətindən və sülh prosesinə xələl gətirməsindən söz açan səfir bu ölkənin cəmiyyətində münaqişəyə dair qeyri-obyektiv təsəvvürün yaranmasının mümkünlüyünü vurğulayıb, bunu bəzi yerli KİV-lərin Avropanın media resurslarına istinad etməkləri ilə əlaqələndirib. Münaqişə ilə bağlı məlumatlar almaq üçün jurnalistlərin səfirliyə birbaşa müraciət etmələri, bununla da Braziliya ictimaiyyətinə qərəzsiz və dolğun məlumatların çatdırılması təklif olunub.

Türkiyə səfiri M.Atəş öz növbəsində, türk və Azərbaycan xalqlarının qardaş olduğunu, ölkəmizin bu münaqişədə ədalətli mövqeyinin Türkiyə tərəfindən sona qədər dəstəklənəcəyini bildirib. Bundan əlavə, o, hər iki ölkənin Braziliya ilə səmərəli əlaqələr qurduğunu qonaqların diqqətinə çatdırıb.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Səfirlər jurnalistləri regionda baş verən hadisələri daha fəal işıqlandırmağa çağırıblar.

Sonda qonaqlara səfirlik tərəfindən hazırlanmış məlumat kitabçaları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.