İDMAN
Braziliyanın Azərbaycandakı səfiri: Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turniri mühüm təşəbbüsdür
Bakı, 16 fevral, AZƏRTAC
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turniri mühüm təşəbbüsdür.
AZƏRTAC xəbər verir ki, bunu yarışların kuluarlarında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz jurnalistlərə bildirib.
Diplomat deyib: “Mən bu tədbirin nə dərəcədə yaxşı təşkil olunduğunu görürəm. Burada istedadlar çoxdur, onların hamısı gənc idmançıdır. Bakıda keçirilən yarışlar mühüm əhəmiyyət daşıyır. Bu yarışlarda Braziliyadan kiçik də olsa, çox peşəkar komanda iştirak edir. Bizim medal qazanmış iki gimnastımız var. Biz onlara böyük ümid bəsləyirik”.
Səfir qeyd edib ki, idman sahəsində Azərbaycan-Braziliya münasibətlərini inkişaf etdirmək üçün maksimum səy göstərmək niyyətindədir.
Lopes da Kruz deyib: “Mən Azərbaycanın idman və gənclər naziri ilə artıq görüşmüşəm. Ölkələrimiz arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş var. Mən Braziliya Futbol Federasiyası ilə əlaqə saxlayıram. Federasiya Parana ştatında Azərbaycan və Braziliya komandaları arasında yoldaşlıq görüşlərinin keçirilməsini təklif etmək istəyir. Braziliyanın 27 ştatından biri olan Parana bəlkə də San-Paulu, Rio-de-Janeyro qədər yaxşı tanınmayıb. Amma burada həyat səviyyəsi çox yaxşıdır, futbol yüksək səviyyədə inkişaf edib. Biz futbolun inkişafı sahəsində əməkdaşlıq edə bilərdik”.
Braziliya səfirinin sözlərinə görə, Azərbaycanda Braziliyanın milli döyüş sənəti – kapoeyro ilə məşğul olanlara maksimum kömək göstərmək hazırda daha mühüm vəzifədir.
Diplomat deyib: “Azərbaycanda çox güclü Kapoeyro Federasiyası var və idmanın bu növünə böyük maraq müşahidə olunur. Az qala bütün yaş təbəqələrindən olan yüzlərlə insan bu təkbətək döyüş növünə maraq göstərir və bu da məni çox mütəəssir edir. Bu təkbətək döyüş növü ilə məşğul olan bəzi insanlar portuqal dilini öyrənmək istərdi. Biz kapoeyro həvəskarları ilə görüşməyə hazırlaşırıq. Onlara sürpriz hazırlamışıq. Şübhəsiz ki, ölkələrimiz bundan sonra da bu sahədə fəal əməkdaşlıq edəcəklər”.
Azərbaycanda idman tədbirlərinin həmişə yüksək səviyyədə keçirildiyini vurğulayan səfir deyib: “Mən il ərzində Bakıda keçiriləcək başqa turnirləri səbirsizliklə gözləyirəm. İdman beynəlxalq anlaşma və qardaşlıq dilidir. Biz xalqlarımızı birləşdirmək üçün bunu önə çəkməliyik. İnsani əlaqələr hökumətlərimizin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Bu əlaqələr idman sahəsini də əhatə edir. Ümidvaram ki, bu işə töhfə verə biləcəyəm”.
Qeyd edək ki, fevralın 16-da Bakıda, Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku turnirinin birinci günü start götürüb.