CƏMİYYƏT


Braziliyanın telekanalında Azərbaycan multikulturalizmindən danışılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov Braziliyanın “Rebe TV” telekanalına Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən multikulturalizm siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müsahibə verib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov müsahibədə multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu deyib. O bildirib: “Bu siyasət sülhü, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq edir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünyanın 22 ölkəsində multikulturalizm fənnini həm tədris, həm də təbliğ edir. Bu ölkələr arasında Braziliyaya xüsusilə böyük əhəmiyyət verilir. 2019-cu ildən Braziliya Federal Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlayan mərkəz hazırda bu əməkdaşlığı davam etdirir. Mövcud layihələr çərçivəsində Braziliyadan bir sıra elm adamları, professorları Azərbaycana səfər edib, eyni zamanda, bu fənni dinləyən braziliyalı tələbələr Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri çərçivəsində ölkəmizə dəvət olunublar. Layihə çərçivəsində azərbaycanlı professor heyəti və BBMM-in əməkdaşları da Braziliyada rəsmi səfərdə olublar. Hazırda bir çox layihələr üzrə davam edən sıx əməkdaşlıq gələcəkdə daha da genişləndiriləcək. Bu layihələr, bütövlükdə multikulturalizm siyasəti xalqlarımızı bir-birinə daha çox yaxınlaşdıracaq.

Əlbəttə, Dağlıq Qarabağ münaqişəsi həm regional sülhə, həm də mədəniyyətlərarası və dinlərarası dialoqa böyük zərbədir. Ermənistanın Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 ilə yaxındır işğal altında saxlaması cinayət faktıdır. Ancaq təəssüf ki, ermənilərin uydurma təbliğatı nəticəsində bir sıra media qurumları münaqişəyə ya dini, ya da milli don geyindirməyə çalışırlar. Sanki bu münaqişə müsəlman-xristian münaqişəsidir, yaxud iki millətin bir-birinə qarşı müharibəsidir. Bu iki tezis çox mənasızdır. Çünki bu, ərazi münaqişəsidir və Azərbaycan ərazilərinin işğalı, eləcə də 1 milyona yaxın azərbaycanlının öz yaşayış yurdundan qovulması nəticəsində meydana çıxıb. Ermənistanın dünya mediasında dini və ya milli zəmində təbliğat aparması isə bu münaqişəyə əlavə tərəflər cəlb etmək istəyi ilə bağlıdır.

Azərbaycan isə dövlətimizin başçısı İlham Əliyev də vurğuladığı kimi, dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır. Bu gün Azərbaycanda bütün dinlər sərbəst təmsil olunur. Hətta mənşəcə erməni olan minlərlə insan da ölkəmizdə sərbəst şəkildə yaşamağa davam edir. Bakı şəhərinin mərkəzində erməni kilsəsi qorunub saxlanılıb. Eyni zamanda, 30-dan çox azsaylı xalq öz dilini, mədəniyyətini qoruyaraq, əsrlərdir Azərbaycanda sülh və dostluq şəraitində yaşayır. Azərbaycan Prezidenti ölkədə mövcud olan bütün mədəniyyətlərin və inancların qorunub saxlanması istiqamətində siyasət həyata keçirir. Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanın işğal edilmiş torpaqların sülh yolu ilə, danışıqlar vasitəsilə qaytarmasına çalışdı. Mədəniyyətlər və dinlər arasında dialoqa bu qədər töhfə verən bir xalqı dini və ya milli münaqişədə ittiham etmək, sadəcə, gülüncdür. Ermənistan isə monoetnik bir cəmiyyətə sahibdir. Hazırda Dağlıq Qarabağda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibə Vətən müharibəsidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.