ELM VƏ TƏHSİL
“Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Rusiyalı milyarder, internet layihələrinin sərmayəçisi Yuri Milner, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və “Google” şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən “Breakthrough Prize” mükafatının laureatlarının adları açıqlanıb.
AZƏRTAC AMEA-nın saytına istinadla xəbər verir ki, hüceyrə biologiyası, bitkilər fiziologiyası, neyrodeqenerativ xəstəliklər, riyaziyyat və kosmologiya sahəsində çalışan tədqiqatçılar Nobel mükafatının analoqu olan bu nüfuzlu elmi mükafatın qalibləri seçiliblər.
Mükafat fondu üç milyon dollar təşkil edib.
ABŞ-ın Kaliforniya ştatında yerləşən Solka İnstitutunun bioloqu Coanna Xori bitkilərin kölgədə böyüməsini idarə edən genetik proqramların otuzillik tədqiqi sayəsində əldə etdiyi nəticələrə görə mükafatın qalibi olub.
Amerikalı riyaziyyatçı alimlər - Kristofer Hakon (Yuta Universiteti) və Ceyms Makkernan (Kaliforniya Universiteti) isə birasional həndəsə sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.
Digər mükafatlar hüceyrə tənzimlənməsi mexanizmlərinin öyrənilməsi, motor neyronları xəstəlikləri və xromosomların tədqiqi üzrə verilib.