MƏDƏNİYYƏT
Bred Pitt Fransadakı qəsrində bir il ərzində xəzinə axtardığını etiraf edib
Bakı, 23 iyun, AZƏRTAC
“GQ” jurnalına danışan Bred Pitt deyib ki, kimsə ona qalasının bağçasında milyonlarla dollar dəyərində nəhəng bir xəzinənin basdırıldığını deyib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı fikirlərini bölüşən amerikalı məşhur aktyor radar avadanlığı aldığını və bir il ərzində qalasının bağçasında xəzinə axtardığını və ona aludə olduğunu söyləyib.
Məşhur aktyor bildirib ki, bir il ərzində düşündüyüm tək şey xəzinə idi: “Özümü olduqca axmaq hiss etdim, amma etiraf etməliyəm ki, xəzinə axtarmaq çox həyəcanlı idi. Xəzinə ovu ilə bağlı vəsvəsəm, uşaqlıq illərində qızıl tapmaq hekayələri ilə böyüdüyüm yerlə bağlı ola bilər.
Hollivud ulduzu keçmiş həyat yoldaşı Coli ilə boşandıqdan sonra psixi problemləri olduğunu bildirib. Pitt özünü tənha hiss etdiyini, qəlbi qırıq olduğunu, həyatın mənasını hər zaman şübhə altına aldığını dilə gətirib”.
Hollivud karyerasında tənəzzülə uğradığını ifadə edən Pitt, həyatının son dövründə nə etməli olduğu ilə bağlı özünə davamlı suallar verdiyini ifadə edərək, “bir şeyi etmək məcburiyyətində olduğunuzu hiss etdiyiniz zaman başqa bir macəraya getməyin vaxtıdır”,- deyib.