İDMAN
Brendon Hartli: Azərbaycandakı tras mənim xoşladığım Makao trasına çox bənzəyir
Bakı, 25 aprel, AZƏRTAC
Mənim üçün yeni olan traslarda keçirilən mərhələləri həmişə səbirsizliklə gözləyirəm. Bütün karyeram ərzində bilmirəm neçə avtodromda iştirak etmişəm, lakin yeni trasları “kəşf etməyə” həmişə şadam. Bakı trası mənə unikal görünür, çünki səhv üçün yer qoymayan bu küçə avtodromu, onun çoxlu maraqlı döngələri xoşuma gəlir. Fikrimcə, hamımız eyni vəziyyətdə olduğumuz üçün digər pilotlar da mənimlə razılaşar. Simulyatorda işləyən zaman mənə elə gəldi ki, Azərbaycandakı tras mənim xoşladığım Makao trasına çox bənzəyir. Ümidvaram ki, Bakıda yürüş mənə zövq verəcək. 2018-ci il mövsümünün dördüncü mərhələsini səbirsizliklə gözləyirəm.
AZƏRTAC xəbər verir ki, “Toro Rosso”nun Yeni Zelandiyadan olan yürüşçüsü Brendon Hartli bu sözləri qarşıdakı Formula 1 Azərbaycan Qran-Prisi barədə fikirlərini bölüşərkən söyləyib.
B.Hartli deyib: “Simulyatorda çalışmaqla və ötən yürüşlərin videoyazılarına baxmaqla yanaşı, mən trasda ciddi işləyəcəyəm. Çalışacağam elə edim ki, 10 dövrədən sonra sürət üzərində işə başlayım. Simulyatorda işləmənin böyük hissəsi mühəndislərə bağlıdır. Onlar bolidi sazlamaq imkanları axtarır, digərləri isə pilotlara trası öyrədir. Görünür, reallıqda trasın xarakterini öyrənib, havanı başa düşməklə daha onlarca saniyə qazanmaq olar. Lakin əgər siz karyeranız ərzində yüzlərcə trasda olmusunuzsa, o zaman yeni avtodromun öyrənilməsində qazandığınız təcrübədən istifadə edəcəksiniz. Simulyator reallığa lazımi qədər yaxın olsa da, əlbəttə, trası olduğu kimi göstərməyə qadir deyil. Bu mənada, ötən illərin videolarına baxmaq faydalıdır. Aprelin 26-da Bakı trasında gəzintimizi səbirsizliklə gözləyirəm”.