DÜNYA
Brifinq: “Efes-2022” hərbi təlimlərində vəzifələr uğurla davam edir VİDEO
İzmir, 8 iyun, AZƏRTAC
Türkiyədə keçirilən “Efes-2022” beynəlxalq hərbi təlimləri uğurla davam edir və qarşıya qoyulan vəzifələrin icrası planlı şəkildə aparılır.
AZƏRTAC xəbər verir ki, bu fikir təlimlərin ümumi vəziyyəti və qarşıdakı iki gündə icra olunacaq tapşırıqlarla bağlı İzmirdəki Ordu Evində keçirilən mətbuat konfransında ifadə edilib.
Brifinqdə təlimlərin məqsəd və hədəfləri barədə müfəssəl məlumat verilib. Əsas hədəflərin terrorçuluqla mübarizə, xilasetmə, silah və sursatlardan istifadə və sair olduğu bildirilib.
Qeyd olunub ki, mayın 9-da başlanan “Efes-2022” müştərək (ayrı-ayrı qoşun növlərinin iştirakı) və birləşmiş (müxtəlif ölkələrin ortaq fəaliyyəti) təlimlər qərbi Anadolu, orta Egey, Qara dəniz, İzmir körfəzi, Doğanbəy atıcılıq poliqonu bölgələrini əhatə edib.
Azərbaycanın da fəal iştirak etdiyi “Efes-2022” təlimlərinə ABŞ, Almaniya, Avstraliya, Qətər, Qazaxıstan, Qırğızıstan və sair olmaqla qatılan və müşayiətçi statusunda olan 37 ölkə daxildir.
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) ən böyük müştərək və birləşmiş təlimlərindən olan “Efes-2022” təlimlərində TSQ Baş Qərargahı, quru, dəniz və hava qüvvələrinin komandanlıqları, sərhəd qoşunları (jandarma) və xüsusi təyinatlılar, Türkiyənin nazirlikləri və mülki təşkilatları, eləcə də aparıcı müdafiə sənayesi şirkətləri iştirak edirlər.
Təlimlər çərçivəsində Türkiyənin milli sənaye məhsullarının, o cümlədən müdafiə sənayesinin istehsalı olan silah və sursatların, pilotsuz uçuş aparatlarının nümayişə çıxarıldığı sərgi açılıb.
Sərgidə Türkiyənin aviasiya və kosmos sənayesində qazandığı son nailiyyətlər milli müdafiə sənaye məhsullarının timsalında təqdim olunur.
Təlimlər iyunun 9-da başa çatacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İzmir