DÜNYA
Britaniya Culian Assanjın ABŞ-a ekstradisiyasına qərar verib
Bakı, 17 iyun, AZƏRTAC
Böyük Britaniyanın daxili işlər naziri Priti Patel “WikiLeaks” təşkilatının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyası barədə qərarı imzalayıb.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bundan öncə London Westminster Magistr Məhkəməsi Culian Assanjın ABŞ-a ekstradisiyasına dair qərar çıxarsa da, son söz daxili işlər nazirinin idi. Vəkillər Priti Pateldən ekstradisiya prosesini əngəlləməyi xahiş etsələr də, nazir onların tələbini nəzərə almayıb. Bundan sonra müdafiə tərəfinin apelyasiya şikayəti vermək üçün 14 gün vaxtı olacaq.
“WikiLeaks” ekstradisiya qərarını söz azadlığı üçün “qara gün” adlandırıb. “Biz qərardan məhkəmə sistemi çərçivəsində şikayət edəcəyik. Küçələrdə daha sərt mübarizə aparıb daha ucadan qışqıracağıq”, - deyə təşkilatdan bildirilib.
Culian Assanj isə öz növbəsində qanundan kənar bir şey etmədiyini, jurnalist olaraq öz işini gördüyünü və bu ölkədə mətbuat azadlığının sərhədlərinin artıq xarici qanunlar tərəfindən müəyyənləşdiyini deyib.
Xatırladaq ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.
2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.