DÜNYA
Britaniya Şarm-əş-Şeyx şəhərinə uçuşlara qoyulan qadağanı götürüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Böyük Britaniya Sinay yarımadası üzərində Rusiyanın “Koqalımavia” aviakompaniyasına məxsus təyyarənin qəzaya uğraması ilə nəticələnən terror aktı səbəbindən qoyulan dörd illik qadağadan sonra Şarm-əş-Şeyx şəhərinə kommersiya uçuşlarına məhdudiyyəti aradan qaldırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Britaniya hakimiyyəti aviasiya təhlükəsizliyi sahəsində Misirlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu, həmçinin hava limanında yoxlama və nəzarət prosedurunun təkmilləşdirildiyini bildirib.
Xatırladaq ki, Böyük Britaniya 2015-ci il oktyabrın 31-də Sankt-Peterburq şəhərinə uçan “Koqalımavia” aviakompaniyasına məxsus təyyarənin Sinay yarımadası üzərində qəzaya uğraması ilə nəticələnən terror aktından sonra Şarm-əş-Şeyxlə aviasiya əlaqəsini kəsmişdi.
Qəza zamanı təyyarənin göyərtəsindəki 217 sərnişin və yeddi ekipaj üzvünün hamısı həlak olmuşdu.