CƏMİYYƏT
Britaniya alimləri sutkanın hansı vaxtında virusların daha təhlükəli olmasından danışıblar
Bakı, 19 avqust, AZƏRTAC
Alimlər sutkanın hansı vaxtında insan orqanizminin viruslara meyilli olmasını öyrəniblər. Kembric Universitetinin (Böyük Britaniya) mütəxəssisləri müəyyən ediblər ki, ziyanverici viruslar sutkanın digər vaxtları ilə müqayisədə səhər daha fəaldır və orqanizmə ziyan vurmağa qadirdir.
AZƏRTAC “informing.ru” saytına istinadla xəbər verir ki, britaniyalı alimlər eksperiment apararaq sutkanın müxtəlif vaxtlarında laboratoriya siçanlarını qrip və herpes virusları ilə yoluxdurub və nəticəni müşahidə ediblər. Məlum olub ki, səhər saatlarında heyvanlar infeksiyanın təsirinə daha davamsız olublar – sutkanın bu vaxtında viruslar 10 dəfə çox fəal olub. İmmun sistemi onlara lazımi müqavimət göstərə bilməyib.
Alimlər müəyyən ediblər ki, insanın bioloji saatı yuxu rejiminin tənzimlənməsi və oyaq qalmasından əlavə, immun sisteminə də ciddi təsir göstərir. Alimlər bildirirlər ki, bioloji saatın pozulması immuniteti təkcə səhər saatlarında zəiflədə bilməz. Yəni, növbəli işləyən və ya müxtəlif səbəblərdən saat qurşaqlarını tez-tez dəyişən insanlar üzrə aparılan tədqiqatın nəticələrinə də xüsusi diqqət yetirmək lazımdır.