DÜNYA
Britaniya dəmiryollarında son 33 ilin ən böyük tətili başlayıb
Bakı, 21 iyun, AZƏRTAC
Bu gün Böyük Britaniyada 1989-cu ildən bəri ən böyük dəmiryolu tətili başlayıb. Səhər saatlarından etibarən ölkə daxilində əksər istiqamətlərdə qatarların hərəkəti dayanıb, London metropoliteni bağlanıb.
AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, dəmiryolu, dəniz və nəqliyyat həmkarlar ittifaqları tərəfindən təşkil olunan tətil üç gün – iyunun 21-də, 23-də və 25-də davam edəcək. Tətilin ilk günündə 50 minə yaxın insanın - ölkənin əksər dəmir yollarına və Londonun bütün mərkəzi stansiyalarına xidmət göstərən “Network Rail” və daha 13 dəmiryol kompaniyasının, həmçinin London metrosunun əməkdaşlarının iştirakı gözlənilir. Sürücülər magistral avtomobil yollarında böyük tıxaclar barədə xəbərdar edilib.
Son 33 ilin ən radikal aksiyasına səbəb kompaniyaların müdiriyyətinin əməkdaşlarının maaşlarını dondurmaq və onların bəzilərinin işdən çıxarmaq, iş gününü uzatmaq, təhlükəsizlik yoxlamalarını azaltmaq və bütün bilet satışı kassalarını bağlamaq planları ilə həmkarlar ittifaqlarının razılaşmamasıdır.