DÜNYA


Britaniya parlamenti Brexitin təxirə salınmasına səs verib

Bakı, 19 oktyabr, AZƏRTAC

Britaniya parlamentinin İcmalar palatası Brexitin başqa vaxta keçirilməsi haqqında düzəlişi qəbul edib.

AZƏRTAC İngiltərə KİV-lərinə istinadla xəbər verir ki, hakim Mühafizəkarlar partiyasından olan sabiq deputat Oliver Letvin tərəfindən irəli sürülmüş təklifin lehinə 322, əleyhinə 306 deputat səs verib.

Qəbul olunan düzəlişə əsasən, Baş Nazir Boris Conson Brexit sazişinin yeni variantına dair səsvermənin nəticəsindən asılı olmayaraq, bu gün yerli vaxtla saat 23:00-dək Avropa İttifaqından Brexit prosesinin təxirə salınması barədə xahiş etməlidir.

Həmin düzəliş “sərt Brexit” əleyhdarları üçün bir növ “sığorta” rolunu oynayır. Yəni müvafiq qərar qəbul edilənədək və ölkənin Avropa İttifaqının tərkibindən sazişsiz çıxması təhlükəsi tam aradan qalxana qədər deputatlara dəstək olacaq.

Boris Conson isə öz növbəsində Brexitin təxirə salınması üçün Avropa İttifaqına müraciət etməyəcəyini bildirib. “Britaniya üçün ən yaxşısı Aİ-dən oktyabrın 31-də çıxmaqdır. Mən Aİ-dən təxirəsalma barədə xahiş etməyəcəyəm və qanun mənim üzərimə bunu etmək məsuliyyəti qoymur. Sonrakı ləngimə ölkəyə ziyan vuracaq”, - Conson parlamentdəki çıxışı zamanı belə deyib. O, həmçinin bildirib ki, ölkəni Avropa İttifaqından oktyabrın 31-də çıxarmaq üçün hər şeyi edəcək.

Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının sammitində Brexit şərtlərinin parametrləri barədə razılaşma əldə olunub. Avropa İttifaqı və Böyük Britaniya nümayəndələri hələ ötən ilin dekabrında qəbul edilən Brexit şərtləri üzrə 500 səhifəlik sazişə İrlandiya və Şimali İrlandiya üzrə əlavə olunacaq 100 səhifəlik mətni və 25 səhifəlik siyasi deklarasiyanı razılaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.