İQTİSADİYYAT


Britaniyada elektrik mühərrikli nəqliyyat vasitələrinin Azərbaycanda istifadəsi məsələsi müzakirə edilib

London, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov London Elektrik Nəqliyyat Vasitələri Şirkətinin (London Electric Vehicle Company – LEVC) qərargahının yerləşdiyi Koventri şəhərində olub.

AZƏRTAC xəbər verir ki, səfər zamanı bu tipli smart nəqliyyat vasitələrinin Azərbaycanda istifadəsi məsələsi müzakirə edilib.

Məlum olduğu kimi, son illər qlobal iqlim dəyişikliyi və onun doğura biləcəyi fəsadlarla bağlı artan çağırışlar fonunda əksər aparıcı dünya dövlətləri kimi, Azərbaycan da bu problemin qarşısının alınması üzrə qlobal səylərə töhfə vermək istiqamətində mümkün əməli addımlar atır. Aydındır ki, qlobal iqlim dəyişikliyinin baş verməsində avtomobillərin atmosferə vurduğu zərər böyük rol oynayır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə yol hərəkətinin təhlükəsizliyinə dair imzaladığı beş illik dövlət proqramının müvafiq bəndlərindən biri məhz ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması üçün lazımi tədbirlərin görülməsi ilə bağlıdır. Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə Ticarət nümayəndəsi Baroness Emma Nikolsonun vasitəçiliyi ilə təşkil olunan səfər zamanı şirkətin məsul əməkdaşları “LEVC” şirkətinin istehsal etdiyi nəqliyyat vasitələrinin əsas xüsusiyyət və üstünlükləri barədə səfir Süleymanova geniş məlumat verib. Avtomobillərin istehsal prosesinə yerində baxış keçirilib.

Smart konfiqurasiyalı nəqliyyat vasitələrinin ölkəmizə idxalı da daxil olmaqla Azərbaycanda bu tipli avtomobillər, eləcə də yaşıl enerjinin istifadəsinin stimullaşdırılması istiqamətində atılan addımlar və yaradılmaqda olan infrastruktur barədə söhbət aparılıb. Səfir Süleymanov insanların sağlamlığı və ətraf mühitin qorunmasını təmin etmək üçün Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılmasının dövlətimizin başçısının xüsusi diqqət verdiyi məsələlərdən olduğunu vurğulayıb.

Söhbət zamanı daha öncə - 2020-ci ilin avqust ayında “LEVC TX” modelli 100 ədəd taksinin ölkəmizə gətirilməsi və artıq əhalinin istifadəsinə verilməsinə də istinad edilib. “LEVC” şirkətinin nümayəndələri Azərbaycanda yaşıl enerjinin tətbiqi istiqamətində atılmadqa olan addımların digər ölkələr üçün nümunə təşkil edə biləcəyini qeyd edib. Şirkət təmsilçiləri, həmçinin Azərbaycanın, xüsusən də Bakı şəhərinin regionda əsas turizm mərkəzlərindən birinə çevrildiyini söyləyərək, bu prosesin bir hissəsi kimi ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrinin istifadəsini qeyd edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.