DÜNYA
Britaniyada memarlıq sahəsində nüfuzlu “Stirlinq” mükafatına İraq əsilli memar layiq görülmüşdür
London 3 oktyabr (AZƏRTAC). Böyük Britaniyada memarlıq sahəsində ən nüfuzlu “Stirlinq” mükafatına İraq əsilli memar Zahe Hədidi Londonda tikilmiş orta məktəb binasına görə layiq görülmüşdür.
Londonun Brikston rayonundakı Evelina Qreys Akademiyasının binası büdcəyə 37,5 milyon funt sterlinqə (təxminən 60 milyon dollara) başa gəlmişdir. Evelina Qreys Akademiyası 4 məktəbi özündə birləşdirir.
Mükafat uğrunda müsabiqənin münsiflər heyətinin sədri, Britaniya Kral Memarlar İnstitutunun başçısı Ancela Breydi bildirmişdir ki, layihənin özəlliyi binanın mürəkkəb memarlıq üslubunda kiçik məkanda yerləşdirilməsidir. Zahe Həbibinin sözlərinə görə, hər yerdə - məktəblərdə, evlərdə, xəstəxanalarda ətraf mühitin insanlara güclü təsir göstərdiyi şübhəsizdir. İctimai firavanlıq və memarlıq bir-biri ilə sıx bağlıdır.
Müsabiqədə Zahe Həbibinin layihəsi London olimpiya velodromunu və yenidən bərpa olunmuş Kral Şekspir Teatrını geridə qoymuşdur.
1996-cı ildə təsis edilmiş və memar Ceyms Stirlinqin şərəfinə adlandırılmış mükafat ölkədə tikilmiş və ya Britaniya memarı tərəfindən layihələşdirilmiş binalara görə təqdim olunur.