DÜNYA
Britaniyada müsəlmanlar etiraz aksiyası keçiriblər
Tehran, 26 mart, AZƏRTAC
Böyük Britaniyanın Qərbi Yorkşir qraflığının Betli şəhərində orta məktəb müəlliminin şagirdlərə Məhəmməd Peyğəmbərin karikaturasını göstərməsi müsəlmanların etirazına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Britaniya mətbuatı bu hadisəni işıqlandırdıqdan sonra qraflığın digər şəhərlərində də kütləvi aksiyalar keçirilib. Aksiyada iştirak edən müsəlmanlar islamofobiyaya və inanclı insanların heysiyyətinə toxunmağa son qoymağı tələb ediblər. Valideynlərdən biri “Sky news” kanalına verdiyi müsahibəsində bildirib ki, müəllim Fransada dərc olunan “Charli Hebdo” jurnalından dərs vəsaiti kimi istifadə edərək, nəşrdə İslam peyğəmbərinin karikaturasını şagirdlərə göstərib.
Məktəbin rəhbərliyi etirazçılardan üzr istəyərək karikaturanı nümayiş etdirən müəllimin işdən azad olunduğunu açıqlayıb və gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.
Məsələyə münasibət bildirən İran rəsmiləri qeyd ediblər ki, Avropada davam edən islamofob çıxışlar heç də demokratiya və söz azadlığı demək deyil. Belə hallar cəmiyyətdə qarşıdurmanı artırır və inanclı insanları gərginləşdirir. İran bu kimi halların qarşısının alınmasını istəyir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran