CƏMİYYƏT


Britaniyada nəşr olunan kitabda azərbaycanlı alimin fikirlərinə geniş yer verilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Bu yaxınlarda Böyük Britaniyada “Məsih Xatirinə Ədalət” kitabı çapdan çıxıb. Müəllifi Britaniyanın məşhur ictimai və din xadimi, “Cəngavər” ordeni ilə təltif edilmiş, Liverpul şəhərinin sabiq yepiskopu, Lordlar Palatasının sabiq üzvü Ceyms Cons olan kitabın bir fəsli “İslam” adlanır.

AZƏRTAC xəbər verir ki, həmin fəslin əhəmiyyətli hissəsi müəllifin ADA Universitetinin professoru Nəriman Qasımoğlu ilə yaradıcılıq əlaqələrinə, yazışmalarına, xristianların etiqad etdiyi Yeni Əhddə və “Qurani-Kərim”də "ədalət", "mərhəmət" anlayışlarına dair azərbaycanlı alimin oxşar yanaşmalarını təhlil edən fikirlərinə həsr olunub.

Kitabda maraq doğuran bir məqam müəllifin N.Qasımoğluna aid hissəyə keçidini Böyük Britaniyanın sabiq Baş naziri Tereza Meylə İslam dini haqqında müzakirəsi üzərindən etməsidir. Ceyms Cons keçmiş ölkə başçısı ilə söhbətini xatırladır: “Tereza Mey Baş nazir olarkən həyat yoldaşımla məni qeyri-rəsmi şam yeməyinə dəvət etmişdi. Şam yeməyindən sonra bizi kofe içmək üçün “Long Gallery” muzeyinə apardı. Orada əyləşdiyimiz masanın üstündə “Qurani-Kərim”in ingiliscə bir nüsxəsi var idi. Xanım Mey mənə dedi ki, kitabxanaya ilk dəfə daxil olanda rəflərin birindən xoşbəxt təsadüf nəticəsində məhz bu kitabı çəkib götürübmüş. XVIII əsrin sonunda çap edilmiş bu nüsxəni Kral və Məxfi Şura üçün məxfi müşavir yazmışdı. Məqsəd diqqətə çatdırmaq imiş ki, İslam bəzilərinin iddia etdiyi kimi etibarsız din deyil. Həmin kitab bir neçə səbəbdən mənim diqqətimi cəlb etdi. İslamın bizim mədəniyyətə müdaxiləsi ilə bağlı iddialar heç də son zamanların işi deyil. Ötən iki yüz il təkcə gərginliklərdən deyil, həm də ondan ibarət olub ki, şüurlarda hökm sürən dini-irqi mövhumatçılığın ən yüksək dairələrdə dəf edilməsinə hazırlıqlı xadimlərimiz var imiş və belələri çalışırmış ki, başqa dinə münasibətdə ədalətli mövqe sərgiləsinlər”.

N.Qasımoğlunun və özünün təhlilləri çərçivəsində monoteist dinlərin mahiyyətindən gələn məziyyətləri və oxşar yanaşmaları Ceyms Cons belə yekunlaşdırır: “Bu deyilənlərin heç biri o anlama gəlmir ki, yəhudilik, xristianlıq və İslam arasında fərqlər gözardı edilsin. Mən hər inancın özəlliyinə kölgə salacaq bir sinkretizm təklif etmirəm. Ancaq bütün bunlar üç dində əksini tapan müddəaların dərinlərinə nüfuz etməklə elə bir ümumi zəmin aşkarlayır ki, onun üzərində qurulmalı olan ədalət və mərhəmət etikası hər insan vicdanında ədalət və mərhəmətlə bağlı universal bir mənəviyyat instinktini təmin etsin”.

Xatırladaq ki, bu il Bakıda ingiliscə çapdan çıxmış “Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar” kitabında Ceyms Consla azərbaycanlı alimin məktublaşmaları və məktublara istinad edilən çıxışları, İslam və xristianlıqda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər, hər iki dini düşüncənin ekoteologiya mövzusunda ortaq yanaşmaları öz əksini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.