CƏMİYYƏT
Britaniyalı Yəhudilər Şurasının üzvləri Azərbaycandakı dini və milli tolerantlığı yüksək qiymətləndiriblər
Bakı, 20 sentyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Britaniyalı Yəhudilər Şurasının Baş vitse-prezidenti və Beynəlxalq münasibətlər şöbəsinin müdiri xanım Şeila Gevolb, şöbənin əməkdaşları Marius Biskoff, Ben-Shaul İdon və Londondakı Vestminister Şəhər Bələdiyyəsinin üzvü Murad Həsənlinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
DİDK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə komitənin son illər həyata keçirdiyi layihələr, xarici təşkilatlarla iş prinsipləri, Azərbaycanın yeni nəsil diasporu ilə əlaqələrin müasir platformalar üzərində qurulması barədə məlumat verilib.
Komitə sədri artıq iki ildir ki, həyata keçirilən Diaspor Gənclərinin Yay düşərgələri, xaricdəki həftəsonu Azərbaycan məktəbləri barədə də danışıb.
Azərbaycana səfərlərindən və buradakı müşahidələrindən məmnunluq ifadə edən qonaqlar ölkəmizdəki dini və milli tolerantlığı yüksək qiymətləndirib, bu cür fikir mübadilələrinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə müzakirələrin mütəmadi keçirilməsinin millətlər və dövlətlərarası münasibətlərin möhkəmlənməsində əvəzsiz rol oynadığı diqqətə çatdırılıb.