ELM VƏ TƏHSİL


Britaniyalı alim Azərbaycanda aşkarlanan daş dövrü alətlərini tədqiq edir

Bakı, 9 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Lester Universitetinin əməkdaşı Rupert Börtvizl Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji fondunda daş dövrü alətlərinin müqayisəli analizi və texnoloji istehsal problemləri üzrə xüsusi elmi tədqiqatlar aparır.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Qafqaz regionunda, xüsusilə də Azərbaycanda 250-200 min il əvvəl, aşağı paleolitin son mərhələsindən orta paleolitə keçid dövründə daş alətlər istehsalı texnologiyasının inkişafı məsələsi R.Börtvizlin əsas tədqiqat obyektidir. Britaniyalı tədqiqatçı əsasən, arxeoloji fondda saxlanılan Azıx mağarası, Şişquzey, Qadirdərə və Qayalı qədim insan düşərgələrinin müvafiq təbəqələrindən tapılmış daş alətləri tədqiqatına cəlb edib.

R.Börtvizl bildirib ki, tədqiqatın əsas hədəfi qədim insanların, əsasən son Heydelberq insan növünün qədim paleolitdən orta paleolitə keçid dövründə davranışı barədə məlumat əldə etmək, bu insan növünün texniki biliklərini təkmilləşdirmə və nəsildən-nəslə ötürülməsi proseslərinə aydınlıq gətirməkdir. O deyib: “Qeyri-adi coğrafi məkan olan Azərbaycanda müvafiq tədqiqatlar ən qədim insanların miqrasiyası, Qafqazda və Yaxın Şərqdə yaşamış paleolit dövrü insan növləri arasında qarşılıqlı əlaqəni göstərmək imkanındadır”.

Britaniyalı alim həmin tədqiqatlarının nəticələrinin Azərbaycanda paleolit dövrünün arxeoloji potensialının dünyada tanıdılmasında müstəsna rol oynayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, R.Börtvizl, həmçinin İngiltərənin “Allen Archaeology Ltd” şirkətinin paleolit dövrü daş alətlər üzrə mütəxəssisi və məsləhətçisi, Böyük Britaniya hökumətinin ölkə vətəndaşları tərəfindən aşkarlanmış arxeoloji tapıntıların qiymətləndirilməsi üzrə dövlət proqramının daş dövrü üzrə ekspertidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.