ELM VƏ TƏHSİL
Britaniyalı müəllimlər BANM-də qış semestrinin imtahanlarında iştirak edirlər
Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan II-V kurs tələbələrinin qış semestri üzrə növbəti yazılı imtahanlarını BANM-in tərəfdaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin (HVU) müəllimləri keçiriblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar HVU ilə eyni vaxtda təşkil olunur ki, bu da hər iki ali təhsil müəssisəsinin tələbələri arasında sualların cavablarını bir-birinə ötürmək imkanını istisna edir.
HVU-nun BANM-də səfərdə olan nümayəndə heyətinin tərkibinə Texniki və Təbiət Elmləri İnstitutunun beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Kevin Makkalax, institutun professoru Grem Vayt, o cümlədən institutun direktorunun mühəndislik proqramları üzrə müavini Aleksandr Bell, Neft-qaz İnstitutunun baş müəllimi Cillian Pikap, tələbələrə dəstək şöbəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dunkan və bu şöbənin əməkdaşı İren Foks daxil idilər.
İmtahanları uğurla vermiş BANM-in tələbələri bu ali məktəblə HVU arasında imzalanmış müqaviləyə əsasən ikili diplom ala biləcəklər. Bu müqavilə çərçivəsində HVU-nun müəllimləri BANM-də imtahanların təşkili və keçirilməsinə nəzarət etmək məqsədi ilə Bakıya müntəzəm səfərlər edir, tələbələrin yazılı cavabları qiymətləndirilmək üçün Böyük Britaniyaya - HVU-ya göndərilir. İmtahan prosesinin bu cür təşkili işlərin qiymətləndirilməsinin nəticələrinin şəffaflığına və obyektivliyinə təminat verir.