CƏMİYYƏT
Britaniyalı qonaqlar Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndiriblər
Bakı, 29 noyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş çərçivəsində Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizə, qadınların iqtisadi fəallığının artırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər sahələrdə təcrübəsi qonaqların diqqətinə çatdırılıb.
H.Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə bəhs edib. Bildirib ki, son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artmaqdadır. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur.
Qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirərək Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndiriblər.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Kroftsun da iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr müzakirə edilib.