DÜNYA
Britaniyanın Baş naziri postuna hər iki namizəd Ukraynaya dəstək vəd edir
Bakı, 29 iyul, AZƏRTAC
Böyük Britaniya hökumətinin başçısı postuna hər iki namizəd - sabiq maliyyə naziri Rişi Sunak və hazırkı xarici işlər naziri Liz Trass son debatlar zamanı bildiriblər ki, baş nazir seçildikləri təqdirdə Ukraynaya qətiyyətli dəstəyi davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat The Washington Post qəzetində yer alıb. “Hər iki namizəd bəyan edib ki, Londondan daha çox Kiyevdə populyar olan Consonun Ukraynaya sarsılmaz dəstəyini davam etdirəcək”, - məlumatda belə deyilir.
Böyük Britaniya Ukraynaya indiyədək 4 milyard funt sterlinq (5 milyard dollar) həcmində hərbi və humanitar yardım göstərib, habelə Ukrayna hərbçilərinə Birləşmiş Krallığın ərazisində təlim keçir.
Xatırladaq ki, Mühafizəkar partiyada Boris Consonun varisini seçmək üçün səsvermə davam edir. Seçkilərin nəticəsi sentyabrın 5-də elan olunacaq. Seçkilərdə qalib gələcəyi təqdirdə Liz Trass Marqaret Tetçer və Tereza Meydən sonra ölkənin üçüncü qadın hökumət başçısı, Rişi Sunak isə Britaniyanın ilk Hindistan əsilli baş naziri olacaq.