DÜNYA


Britaniyanın Şimali İrlandiya məsələləri üzrə naziri istefa verib

Bakı, 7 iyul, AZƏRTAC

Böyük Britaniyanın Şimali İrlandiya məsələləri üzrə naziri Brendon Lyuis Baş nazir Boris Conson hökumətinin üzləşdiyi kəskin siyasi böhran fonunda istefa verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Brendon Lyuis öz istefasını etik mülahizələrlə əsaslandırıb.

“Layiqli və məsuliyyətli hökumət dürüstlük, birlik və qarşılıqlı hörmətə əsaslanır. Artıq bu dəyərlərə hörmət edildiyinə inanmıram. Hökuməti tərk etməli olduğum üçün dərin şəxsi təəssüf hissi keçirirəm”, - nazir bu gün özünün “Twitter” hesabında belə yazıb.

Brendon Lyuis iyulun 5-dən bəri istefa verən dördüncü britaniyalı nazir olub. Ümumilikdə isə son iki gün ərzində Baş nazir Boris Consonun hökumətini tərk edən siyasətçilərin sayı 50-yə çatıb. Brendon Lyuis də Böyük Britaniyanın Uels məsələləri üzrə naziri Saymon Hart kimi iyulun 6-da Boris Consonu yenidən etimadsızlıq votumunu gözləmədən könüllü istefa verməyə çağıran nazirlərdən biri idi.

Qeyd edək ki, bir ay öncə Boris Conson 2020-2021-ci illərdə tətbiq olunan koronavirus məhdudiyyətləri zamanı hökumət başçısının iqamətgahında keçirilən ziyafətdə iştirak etməsi ilə bağı qalmaqal səbəbindən etimadsızlıq votumundan keçmək məcburiyyətində qalmışdı.

Ötən həftə torinin baş partiya təşkilatçısının müavini Kris Pinçerin sərxoş halda iki kişiyə sataşması məlum olduqdan sonra Boris Conson ətrafında yeni qalmaqal yaranıb. Nəticədə Kris Pinçer vəzifəsini tərk edib. Boris Consonun onu yüksək partiya və hökumət postlarına təyin etdiyi zaman bu məsələ ilə bağlı 2019-cu ildə parlament təhqiqatının fiqurantı olduğunu bildiyi deyilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.