MƏDƏNİYYƏT
Britaniyanın nüfuzlu qəzeti “Daily Express” Bakı şəhərinin heyrətamiz gözəlliklərindən bəhs etmişdir VİDEO
London, 5 may (AZƏRTAC). Britaniyanın nüfuzlu “Daily Express” qəzetində Bakı şəhərinin heyrətamiz gözəlliklərindən bəhs edən “Dubay üzərindən hərəkət edin, budur Bakı gəlir” sərlövhəli məqalə dərc olunmuşdur.
Məqalədə Azərbaycanın sürətli inkişafı və getdikcə gözəlləşən paytaxt Bakı haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün Bakı yeni görkəm almaqdadır. Xəzərin sahilində yerləşən şəhər XIX əsrin yadigarı olan tikililəri və müasir üslubda inşa edilmiş memarlıq nümunələrini özündə birləşdirir. Paytaxt sakinlərinin və turistlərin istirahəti üçün hər cür şəraitin yaradıldığı şəhərə yeni tikilmiş möhtəşəm otellər, müasir incəsənətin rəmzi sayılan “Alov qüllələri” kompleksi və digər çoxmərtəbəli binalar xüsusi gözəllik verir. Paytaxtın tarixi ipək yolunun üzərində yerləşdiyi diqqətə çatdırılır.
Müəllif qeyd edir ki, Azərbaycan geoloji təbiətinə görə “Odlar Yurdu” adlandırlır.
Yazıda bildirilmişdir ki, Azərbaycan neft və təbii qaz ehtiyatlarına görə dünyada strateji əhəmiyyətə malik ölkələrdəndir. İndi isə Azərbaycan mədəniyyət və incəsənət sahəsində dünyada əsas söz sahibi olmaq niyyətindədir.
Müəllif Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər tarixi memarlıq kompleksinin dünyada misilsiz abidələrdən sayıldığını, Şirvanşahlar Sarayı Kompleksinin tarixi əhəmiyyətini oxucuların diqqətinə çatdırmışdır.
Bundan başqa, yazıda, “Atəşgah”, “Yanardağ” və başqa tarixi abidələrimiz haqqında ətraflı məlumat verilmişdir.
Müəllif, həmçinin Azərbaycan milli mətbəxinin özünəməxsus üstünlüklərinə toxunmuşdur.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür: http://www.express.co.uk/travel/activity/473872/Move-over-Dubai-here-comes-Baku
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London