DÜNYA
Britaniyaya gedən miqrantları yeni məhdudiyyətlər gözləyir
London, 5 dekabr, AZƏRTAC
Böyük Britaniya hökuməti ölkəyə gələn miqrantlar üçün yeni məhdudiyyətlər tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın İmmiqrasiya üzrə Dövlət katibi Robert Jenrik sığınacaq axtaranlara qarşı yeni məhdudiyyətlərin hazırlandığını söyləyib.
Cari ildə Manş boğazını keçənlərin ümumi sayının 50 minə çatacağı gözlənildiyindən daxili işlər naziri Suella Braverman növbəti həftə boğazdan keçənlərin sayını azaltmaq üçün yeni təkliflər təqdim edəcək.
Dövlət katibi qaçqın böhranının sürətli həllinin olmadığını söyləyib: “Bu, illər boyu davam edəcək bir problemdir. Biz immiqrasiya sistemimizi yenidən qurmalıyıq. Bu, həm də gələnlərlə rəftara baxmaq deməkdir. Beləliklə, heç kim Böyük Britaniyaya gəlməyin asan və bu ölkənin sığınacaq axtaranlar üçün Avropa İttifaqından daha yaxşı yer olduğunu düşünməyəcək”.
Qeyd edək ki, Böyük Britaniya hökuməti ölkədəki bəzi qeyri-qanuni mühacirləri 10 min kilometr uzaqlıqdakı Ruandaya göndərmək üçün miqrasiya və iqtisadi inkişaf üzrə tərəfdaşlıq planını elan etmişdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London