İQTİSADİYYAT
“British Airways”dən Novruz qabağı xüsusi güzəştlər
Bakı, 6 mart (AZƏRTAC). “British Airways” aviaşirkəti azərbaycanlı sərnişinlər üçün Novruz bayramı ərəfəsində xüsusi kampaniya keçirir.
Aviaşirkətin Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, kampaniya sərnişinlərə Avropaya, ABŞ-a və Kanadaya güzəştli tariflərlə səyahət etmək imkanı verir.
Güzəştli uçuş tarifləri 2014-cü il martın 10-dək alınan biletlərə aiddir. Xüsusi təklif “Club World”, “World Traveller Plus” və “World Traveller” siniflərinə və iyulun 31-dək nəzərdə tutulan səyahətlərə şamil olunur. Biletlərin qiyməti Böyük Britaniyaya 478 avrodan, Avropaya 473 avrodan, ABŞ və Kanadaya isə 743 avrodan başlayır.
“British Airways” Azərbaycandan Londona həftədə 6 dəfə uçuş həyata keçirir. Bundan əlavə, kampaniya çərçivəsində daha uzaq istiqamətlərə səyahət edən sərnişinlərə London şəhərində bir və iki günlük gəzinti imkanları təklif olunur.
“British Airways”in uçuşlarının cədvəli ilə www.ba.com saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, yay mövsümində “British Airways” həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.