ELM VƏ TƏHSİL


“British Council” Mərkəzi Asiyada və Cənubi Qafqazda "Creative Spark" proqramına başlayır

Bakı, 27 iyun, AZƏRTAC 

“British Council” Mərkəzi Asiyada və Cənubi Qafqazda yaradıcı iqtisadiyyatın inkişaf etdirilməsinə yardımçı olmaq məqsədilə beşillik "Creative Spark" proqramına start verir.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, proqram Azərbaycan daxil olmaqla yeddi ölkədə həyata keçiriləcək. Həmin ölkələrin nazir müavinlərindən, universitet rəhbərlərindən və yaradıcılıq müəssisələrinin ekspertlərindən ibarət nümayəndə heyəti iyunun 25-də Birləşmiş Krallığa birhəftəlik səfər edəcək. Bu proqram Birləşmiş Krallıqda fəaliyyət göstərən universitetlərə (Qoldsmit Universiteti, Norviç İncəsənət Universiteti, Şərqi İngiltərə Universiteti, Kembric Universiteti, Koventri Universiteti, Lester Universiteti, Lafboro Universiteti) və yaradıcılıq müəssisələrinə təşkil olunan səfərləri özündə ehtiva edəcək.

"Creative Spark" proqramının əsas məqsədi Birləşmiş Krallıq universitetləri ilə tərəfdaşlıq şəraitində yeddi tərəfdaş ölkənin ərazisində fəaliyyət göstərən 20 universitetdə sahibkarlıq mərkəzlərin yaradılması, tələbələrə və yaradıcı sahibkarlara ideyaların təqdim edilməsi, biznesin qurulması və əqli mülkiyyətin qorunması istiqamətində treninqlərin keçirilməsi, müxtəlif online ingilis dili və sahibkarlıq kurslarının təşkil olunmasıdır.

Universitetlərlə tərəfdaşlıq münasibətlərinin qurulmasına dair rəhbər prinsiplər iyul ayında təqdim olunacaq. Ərizələrin qəbuluna isə sentyabr ayında Lids şəhərində keçiriləcək Birləşmiş Krallığın müəssisə və sahibkarlıq təhsilinə həsr olunmuş milli konfransında rəsmi şəkildə start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.