DÜNYA


Brüssel ABŞ sanksiyalarından müdafiə qanununu aktuallaşdırıb

Berlin, 18 may, AZƏRTAC

Avropa İttifaqı İranla nüvə sazişini xilas etmək üçün ilkin konkret addımlar atıb. AZƏRTAC xəbər verir ki, bu gün Avropa Komissiyası ABŞ Prezidenti Donald Trampın İranla beynəlxalq nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra bərpa etdiyi sanksiyalarından müdafiə haqqında qanunu aktuallaşdırıb.

Qanuna əsasən Avropa İnvestisiya Bankına İranda Avropa sərmayələrini dəstəkləmək imkanı veriləcək. İranın özünə gəldikdə isə, ona olan etimadın möhkəmləndirilməsi tədbirləri çərçivəsində bu ölkəyə Avropadan maliyyə yardımı göstərilməsi planlaşdırılır.

Əsas problem ondadır ki, ABŞ-ın sanksiyaları İranla işgüzar əlaqələr saxlayan qeyri-amerikan şirkətlərinin də mənafeyinə toxuna bilər. İran nüvə sazişi nəticəsində əldə etdiyi iqtisadi mənfəətin böyük bir hissəsinin əldən çıxacağından ehtiyat edir. Tehran yaxın vaxtlarda Avropa İttifaqından iqtisadi əlaqələrin və kapitalın sərbəst hərəkətinin təmin edilməsinə təminat almaq istəyir. Əks halda, Tehran nüvə razılaşması şərtlərinə riayət etməkdən imtina edəcək. Avropa İttifaqının məlumatına görə, Vaşinqton İrana qarşı sanksiyaların ilk hissəsini avqustun 6-da bərpa edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.