İDMAN


Brüssel AVRO-2020-yə ev sahibliyi etmək hüququndan məhrum ola bilər

Bakı, 20 sentyabr, AZƏRTAC

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Brüsseli 2020-ci ildə Futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin sırasından xaric edə bilər.

AZƏRTAC UEFA-ya istinadla bildirir ki, Belçikanın paytaxtı Brüssel AVRO-2020 matçlarının keçirilməsi hüququndan məhrum edilə bilər. Buna səbəb - Brüsseldə yeni stadion tikintisinin gecikdirilməsidir. “Çempionat” portalının verdiyi məlumata görə, bu gün, sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi Brüsselin Avropa forumuna ev sahibliyi edəcək şəhərlərin siyahısından çıxarılması barədə qərar qəbul edə bilər.

Lakin ola bilsin ki, UEFA yeni arena tikintisinə dair təzə sənədlərin bir həftə bundan əvvəl Brüsseldə təqdim edilməsini nəzərə alaraq, İcraiyyə Komitəsinin bu il dekabr ayında keçiriləcək iclasına qədər gözləyəcək və həmin iclasda Avropa-2020 çempionatının matçlarının keçiriləcəyi on üç şəhərin son siyahısı təsdiq ediləcək.

Brüsseldəki “Eurostadium” adlı yeni arenada Avropa-2020 çempionatının qrup mərhələsində üç oyun və 1/8 finalda bir oyun keçirilməsi planlaşdırılır. Əgər Belçika 2020-ci ildə Futbol üzrə Avropa Çempionatına ev sahibliyi edəcək ölkələrin siyahısından çıxarılarsa, bu halda UEFA Belçikanın əvəzinə Fransa və Uelsi nəzərdən keçirəcək.

Belçika Kral Futbol Assosiasiyasının baş katibi Koen de Brabander əminliklə bildirir ki, “Eurostadium” stadionu, vəd edildiyi kimi, 2019-cu ildə hazır olacaq.

Xatırladaq ki, Avropa Çempionatının 60 illik yubileyi münasibətilə UEFA AVRO-2020-nin bütün Köhnə Dünyada 13 şəhərdə keçirilməsini qərara alıb.

UEFA İcraiyyə Komitəsi 2014-cü ilin sentyabrında qərara alıb ki, 2020-ci ildə Avropa Çempionatı 13 ölkədə keçiriləcək. Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Münxen (Almaniya) və Bakı (Azərbaycan) şəhərlərinin hər birində qrup mərhələsinin bir matçı və ¼ final mərhələsinin bir görüşü keçiriləcək. Daha 8 şəhər – Kopenhagen (Danimarka), Buxarest (Rumıniya) , Amsterdam (Niderland), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərinin hər biri qrup mərhələsində üç matça və 1/8 final mərhələsində bir görüşə ev sahibliyi edəcək. Avropa Çempionatının yarımfinal və final yarışları Londondakı “Uembli” stadionunda keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.